Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Ümumvətəndaş pasportu haqqında

«Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Ümumvətəndaş pasportu Azərbaycan Respublikasının mülkiyyətidir. Onun qəsdən korlanması, habelə etinasızlıq üzündən itirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət yaradır.    
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə Ümumvətəndaş pasportunun TƏSVİRİ və SPESİFİKASİYASI təsdiq edilmişdir.  

1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.

2. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından və 50 daxili səhifədən ibarətdir.

3. Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta “AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN” sözləri, aşağıda alt-alta, “PASPORT/ PASSPORT” sözləri yazılır, ortada Azərbaycan Respublikasının Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.

4. Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur.

5. Pasportun tipindən asılı olaraq onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:

    5.1. Ümumvətəndaş pasportunda:  “Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.  Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.

6. Pasportun küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilmişdir.

7. Pasportun üz qabığı və daxili səhifələri üçün istifadə olunan kağız ultrabənövşəyi şüanı əks etdirmir.

8. Pasportun üz qabığı yüksək keyfiyyətli akril materialındandır.

9. Pasportun üz qabığının ikinci və üçüncü səhifələri üçün istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir. Onun hər kvadrat metri 120 qramdır. Pasportun üz qabığı yüksək temperatura, köhnəlməyə, cırılmaya, kimyəvi maddələrin təsirinə, rütubətə davamlıdır və ekoloji cəhətdən təhlükəsizdir. Pasportun üz qabığının ikinci və üçüncü səhifələrində ultrabənövşəyi spektrdə görünən liflərdən, gilyoşdan, mikromətndən, göy qurşağı üsulu ilə çapdan, relyefli çapdan, dərin çapdan, infraqırmızı və ultrabənövşəyi çapdan istifadə olunur.

10. Pasportun daxili birinci və ikinci səhifələri (məlumat səhifələri) yüksək keyfiyyətli 100 faizli polikarbonat materialından hazırlanır. Polikarbonat materialı şəffafdır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, pasport sahibinin üzünün təsvirini keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

11. Pasportun daxili ikinci səhifəsində pasport sahibinin üzünün təsvirinin qorunmasını təmin edən elementlərdən, optik dəyişən rəngli boyadan, kineqramdan, gilyoşdan, mikromətndən, relyefli çapdan, göy qurşağı üsulu ilə çapdan, lazer həkketmə texnologiyasından, optik dəyişən elementlərdən və ultrabənövşəyi çapdan istifadə olunur.

12. Pasportun daxili kağız səhifələrində sıra nömrəsi müxtəlif üsullarla əks etdirilir.

13. Pasportun nömrəsi daxili 3-cü səhifədən başlayaraq, bütün daxili səhifələrin və üz qabığının üçüncü və dördüncü səhifələrinin yuxarı orta hissəsində konusvari deşilmə üsulu ilə əks etdirilir.

14. Pasportun məlumat səhifəsində yaddaşı ən azı 80 kilobayt olan elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıda (çipdə) “Рasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üzünün təsviri və hər əlindən bir barmaq izi yerləşdirilir.

15. Elektron daşıyıcıda məlumatların saxlanılma müddəti ən azı 10 ildir. Elektron daşıyıcıda saxlanılan məlumatların təhlükəsizliyinin təmin olunması üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmdən istifadə edilir.

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol