Vəsiqənin verilməsi qaydaları
Vətəndaşlar ərazi polis orqanlarının Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Xidmətləri tərəfindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunurlar.
1. 16 yaşına çatmamış şəxslərə verilən şəxsiyyət vəsiqəsi (şəkilsiz)
2. 16 yaşından yuxarı şəxslərə verilən şəxsiyyət vəsiqəsi
16 yaşınadək Azərbaycan Respublikası vətəndaşlarının ilk dəfə yaşayış yeri üzrə qeydiyyata alınması və onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması zamanı aşağıdakı sənədlər tələb olunur:
- Ərizə-anket (1 və 2 saylı ərizə forması);
- Uşağın doğum haqqında şəhadətnaməsi;
- Qan qrupu haqqında tibbi arayış;
- Müraciət edən valideynin şəxsiyyət vəsiqəsi.
16 yaşı tamam olmuş vətəndaş şəxsiyyət vəsiqəsi alarkən aşağıdakı sənədləri təqdim etməlidir:
- Doğum haqqında şəhadətnamə;
- Tibbi arayış (Qan qrupu, boyu, gözünün rəngi);
- Müraciət edən valideynin şəxsiyyət vəsiqəsi;
- Yaşayış yerindən arayış;
- Oğlanlar üçün hərbi komissarlıqdan sənəd;
- 3x4 ölçülü 3 ədəd fotoşəkil;
-Rüsumun ödənilməsi barədə qəbz;
Qeyd: 16 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayəndələri ilə birgə müraciət etməlidirlər.
Qeyd: Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün ərazi polis orqanına müraciət etməlidir. Həmin şəxslərdən yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün yuxarıda göstərilən sənədlərdən əlavə şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi ilə təmin olunmayan şəxslərdən isə köhnə nümunəli şəxsiyyəti təsdiq edən sənəd) tələb olunur.
Hərbi qulluqçular (müddətli hərbi qulluqçulardan başqa) yaşayış yeri üzrə ümumi qaydada qeydiyyata alınırlar. Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunana qədər müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən hərbi hissə komandanlığının vəsatəti-məktubu əsasında hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.
16 yaşı tamam olmuş vətəndaşlar üçün dövlət rüsumu aşağıdakı kimidir:
* 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 AZN
* 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 AZN
* 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 35 AZN