Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
- Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin vəsiqə sahibinin şəxsi imzası və fotoşəkli yerləşdirilir.
- Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcısı dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir.
Qeyd: - 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (qanuni nümayəndəsinin) müraciəti ilə əsasında həyata keçirilir.