Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Azərbaycan Respublikasının hüdudlarında və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına “Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi”nin, həmçinin “Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi”nin verilməsi və dəyişdirilməsi “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının 1996-cı il 4 aprel tarixli 55-IQ nömrəli Qanunları ilə tənzimlənir. Qeyd olunan sənədlərin verilməsi və dəyişdirilməsi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilir.  



       
      
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi üçün (köhnə nümunəli qeydiyyat vəsiqəsi yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəzlənərkən) tələb olunan sənədlər:

1. Köhnə nümunəli qeydiyyat vəsiqəsi;
2. Qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
3. Şəxs evlidirsə, nikah haqqında şəhadətnamə, nikah pozulmuşsa, nikahın pozulması haqqında şəhadətnamə;
4. Şəxsin soyadı, adı, atasının adı dəyişdikdə müvafiq təsdiqedici sənəd;
5. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsi;
6. Dövlət rüsumu haqqında qəbz.  

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs hər 5 ildən bir və ya onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə və ya şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə müvafiq hal baş verəndən sonra bir ay ərzində Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.    

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi;
2. Dövlət rüsumu haqqında qəbz;   
3. Şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə müvafiq təsdiqedici sənəd.

Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlər:  

1. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi;
2. Dövlət rüsumu haqqında qəbz.

Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün tələb olunan sənədlər:

1. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi;
2. Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;
3. Dövlət rüsumu haqqında qəbz.

Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi 2 il müddətinə verilir və həmin müddətə etibarlıdır (həmin müddət ərzində şəxsin soyadı, adı, atasının adı dəyişilməyibsə və ya şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edilməyibsə və ya şəxsiyyət vəsiqəsi yararsız hala düşməyibsə).

Müvafiq sənədlərin əldə edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 14-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi tələb olunur:

1. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə 10 manat;
2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə 14 manat.  

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat məbləğində cərimə edilir.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol