Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Qanunvericilikdəki bu dəyişiklik vətəndaşların xeyrinədir!

29.01.2018

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) Pasport İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova qanunvericilikdə baş verən dəyişikliklər, səyyar xidmətlərin təşkili və digər məsələlərlə bağlı qurumun saytına müsahibə verib.

- Nərgiz xanım, BPQMİ nə vaxtdan səyyar xidmətlər təşkil edir?
- 2013-cü ilin sentyabrın 1-dən yeni nəsil biometrik pasportlar verilməyə başlanılıb. Elə həmin müddətdən vətəndaşlara səyyar xidmət göstəririk. Daha doğrusu, 2014-cü ilin aprel ayından tam olaraq bu xidməti yerinə yetiririk. Səyyar xidmətlər bütün rayonları əhatə edir. Bütün şəhərlərimizdə, rayonlarda və ucqar kəndlərdə vətəndaşlara xidmət göstəririk.

- Yəni, Bakıda yaşayan vətəndaş hansısa problem üzündən idarəyə gələ bilmirsə, onun üçün də səyyar xidmət təşkil edirsiz?
- Təbii ki, vətəndaşın sağlamlığında problem varsa, fiziki qüsurludursa, biz onun üçün səyyar xidmət təşkil edirik. Ölkənin harasında yaşamasından aslı olmayaraq. Dəfələrlə olub ki, xəstəxanalara gedib, vətəndaşlara pasportlar vermişik.

- Bölgələrdə passportların verilməsi yalnız regional şöbələrdə reallaşır?
- Sənəd qəbulu regional şöbələrimizdə həyata keçirilir. Amma regional şöbələr tərəfindən səyyar xidmətlər də təşkil olunur. Bütün şöbələrə ayın əvvəli cədvəl təqdim edirik. Həmin cədvəl üzrə səyyar avtomobillərimiz və əməkdaşlarımz vətəndaşlara baş çəkirlər. Bizim üçün fərqi yoxdu, dağ və ya aran, isti və ya soyuq. Həmişə vətəndaşların məmnunluğu üçün çalışırıq. Polis üçün çətinlik olmur. Biz vətəndaşları məmnun etməliyik, onların istəklərini həyata keçirməliyik.

- Vətəndaş sizə müraciət etdikdən sonra hansı müddətdə pasport ala və ya dəyişdirə bilər?
- Qanunvericilikdə nəzərdə tutulub ki, vətəndaşa passportun verilməsi 1, 5 və ya 10 günə reallaşa bilər. Bu, ödədiyi dövlət rüsumundan aslıdır.

- Yanvarın 1-dən passportların verilməsi ilə bağlı qanunvericilikdə ödənişlər hissəsində dəyişikliklər oldu. Həmin dəyişikliklər nədən ibarətdir?
- Dəyişikliklər belədir ki, ümumvətəndaş pasportu itərsə və ya korlanarsa, cərimə ödənilməyəcək. Bunun əvəzinə dövlət rüsumu 10 manat çoxalıb. Əvvəl vətəndaş 30 manat cərimə ödəməli idi. Bunun üçün inzibati qaydada protokol tərtib olunurdu. Lakin bu ilin yanvar ayının birindən bu qayda aradan qaldırıldı. Məsələn, indi pasportu itən və ya korlanan vətəndaş 10 günə yeni passport almaq istəyirsə, 30 manat cərimə ödəməyəcək. Bunun əvəzinə yeni müəyyən edilmiş məbləğdə 10 manat artıq rüsum ödənişi edəcək. Tutaq ki, vətəndaş pasportu itirdiyi üçün 10 günə yenisini almaq istəyir. Əvvəlki halda 40 manat rüsum, 30 manat da cərimə ödəməliydi. Bu da 70 manat təşkil edəcəkdi. İndi isə cəmi 50 manat rüsum ödəməlidir. Qanunvericilikdəki bu dəyişiklik vətəndaşların xeyrinədir. Yəni, vətəndaş 20 manat az ödəməklə yeni passportuna qovuşa bilər. Ödəmələrlə bağlı xüsusilə bir şeyi də qeyd edim ki, səyyar xidmətlər zamanı vətəndaşdan heç bir xidmət haqqı tələb olunmur. Vətəndaş yalnız dövlət rüsumu ödəməlidir.

- Bu dəyişikliklərdən sonra pasportla bağlı müraciətlərin sayında dəyişiklik müşahidə olunurmu?
- Bəli, artım müşahidə olunur. Bizdə gündəlik və aylıq statistika olur. Nəzər yetirdikdə görürük ki, müraciətlər çoxalıb. Şəxsiyyət vəsiqələri ilə bağlı müraciətlər çoxdu. Çünki pasport vətəndaşın şəxsiyyətini ölkə xaricində təsdiq edən sənəddi. Kim ölkədən çıxmaq istəyirsə, o alır.

- Artıq vətəndaşlarımız uşaqları üçündə pasport alırlar. Yəqin ki, uşaqlara passportların verilməsi ilə bağlı suallar da çox olur.
- Təbii ki, bununla bağlı müraciətlər lap çoxdu. Qanunvericilikdə nəzərdə tutulub ki, azyaşlıya passport yalnız hər iki valideynin icazəsi ilə alınmalıdı. Ölkədən çıxırsa, notarial qaydada icazə tələb olunur. Uşağın passportu üçün müraciət etmiş valideynlər gəlib idarəmizdə ərizə blankını doldurmalıdırlar. Bir valideyn iştirak etmirsə, notarial qaydada razılıq sənədi gətirməlidi. Xüsusi bir şey qeyd etmək istəyirəm ki, uşağın 15 yaşına qədər valideynlərdən birinin iştirakı mütləqdir. Qanun bunu tələb edir.

- Vətəndaşların sualları, müraciətləri hansı qaydada cavablandırılır?
- Biz sutkanın istənilən saatı iş başındayıq. Polisin işin belədi. Qaynar xəttimizə gələn bütün suallar sutkanın istənilən saatında cavablandırılır. O cümlədən, vətəndaş bütün suallara saytımız və facebook səhifəmiz vasitəsilə də cavab tapa bilər. Həm saytımız, həm də facebook səhifəmiz daim yenilənir, vətəndaşların sualları dərhal cavablandırılır.

- Ümumiyyətlə, BPQMİ-nin işi əsasən hansı meyar üzərində təşkil olunub?
- Təbii ki, vətəndaş məmnunluğu bizə hər şeydən vacibdi. Bütün işlərimiz şəffaf həyata keçirilir. Çalışırıq ki, vətəndaşlar bizdən hər zaman razı qalsınlar. Həftənin bazar ertəsi – şənbə günləri saat 09:00-dan 19:00-dək, bazar günü isə 11:00-dan 17:00-dək vətəndaşların xidmətindəyik. Regional şöbələrimiz və səyyar xidmətlərimiz də eyni qaydada işləyir.

- Uzun müddətdir ki, bu vəzifədə işləyirsiniz. Heç vaxt unutmayacağınız, xatirinizdə qalan hadisəni bizə danışa bilərsimizmi?
- Adətən burda belə hadisələr çox olur. Xüsusilə də gülməli olaylar. Bir dəfə yaşlı vətəndaş gəlmişdi. Əməkdaşlarımız ona çatdırdı ki, passport  üçün şəkil çəkdirmək lazımdı. Bizdə də bunun üçün xüsusi foto kabinalar  var. Ağsaqqal kabinaya baxdı, qayıtdı dedi ki, ay bala, mən bura necə dırmaşım? (gülür) Elə bilib ki, kabinanın üstünə çıxmaq lazımdı. Əməkdaşlarımız sonra başa salıblar ki, üstünə çıxmaq lazım deyil. Ümumiyyətlə, biz hər zaman vətəndaşlarımızın pozitivliyi üçün çalışırıq. Onların istənilən sualını cavablandırırıq.

 

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol